ADMİU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, o cümlədən, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor Ceyran Mahmudova Ümummilli lider haqqında danışıb, onun Azərbaycanın inkişafındakı müstəsna rolundan bəhs edib.
H.Əliyevin hər zaman incəsənət xadimlərinə yüksək həssaslıqla yanaşdığını deyən xanım rektor bu xüsusda öz xatirələrini də tədbir iştirakçıları ilə bölüşüb.
Sonra Ümummilli Liderin şərəfli ömür yolundan bəhs edən video-çarx təqdim olunub.
Daha sonra AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Əməkdar dövlət və elm xadimi, məşhur “91”-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Sudeyf İmamverdiyev Heydər Əliyev dühasıyla bağlı xatirələrini bölüşüb, onun həyatı, siyasi irsi haqqında geniş məruzəylə çıxış edib. O deyib ki, Heydər Əliyev böyük azərbaycanlı idi, bütün ölkə onu sevirdi: “”91-lər hərəkatı” bu sevginin nəticəsi idi. Çünki ölkənin bir xilaskara ehtiyacı var idi. Bu xilaskar da, şübhəsiz, Heydər Əliyev idi. O, ən çətin dövrlərdə belə vətəninə, xalqına xidmət edirdi. O, öz fəaliyyəti ilə sübut etdi ki, millətini sevən şəxs hər çətinlikdə, hər sistemdə ona xidmət etməyi, onun mənafeyini müdafiə etməyi bacaracaqdır. Xalqın gücü o zaman selə dönür ki, onun rəhbəri zəkalı, qətiyyətli, xalqına, vətəninə, elinə ürəkdən bağlı bir insan olsun. Heydər Əliyev belə şəxsiyyət idi”.
Çıxışından sonra professor tədbir iştirakçılarının suallarını cavablandırıb, Heydər Əliyev fenomeni haqqında fikir mübadiləsi aparılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev öz çıxışında H. Əliyevin gənclərə olan xüsusi diqqət və qayğısından danışıb, bununla bağlı özünün tələbəlik illərinə aid xatirələrini bölüşüb. O, bildirib ki, bu gün çiçəklənən, günü-gündən qüvvətlənən Azərbaycan ilk növbədə Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin, öz vətəninə, xalqına sonsuz sevgisinin əsəridir.
Sonda rektor C.Mahmudova qonaqlara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, Heydər Əliyevin qəlblərdə, xatirələrdə, Azərbaycan tarixində əbədi yaşayacağını bir daha vurğulayıb.

