ADMİU-da WUF13-lə bağlı görüş olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) fəaliyyət göstərən müəllim-rəssamlarla WUF13-lə bağlı görüş keçirilib.
Görüş zamanı universitetin rektoru professor Ceyran Mahmudova WUF13 – Ümumdünya Şəhərsalma Forumu ilə bağlı qarşıda duran yaradıcılıq imkanlarından bəhs edib və yaradıcı rəssamların bu mühüm beynəlxalq tədbirdə fəal iştirakının əhəmiyyətini vurğulayıb. Rektor yaradıcı yanaşmanın, müasir şəhər mühitinin bədii interpretasiyasının və ictimai məkanlarda sənətin rolunun önəmini qeyd edərək, müəllim-rəssamları öz ideya və layihələri ilə WUF13 çərçivəsində təqdimat və sərgilərdə aktiv olmağa təşviq edib.
Görüş qarşılıqlı fikir mübadiləsi və təkliflərlə davam edib. “Yaşıl Dünya – poster” və “Təbiət və tullantılar” adlı sərgilərin keçirilməsi ilə bağlı qısa və aydın tövsiyələr irəli sürülüb. Bildirilib ki, sərgilərin əsas məqsədi ekoloji düşüncənin, davamlı inkişaf ideyalarının və ətraf mühitə məsuliyyətli yanaşmanın bədii vasitələrlə təbliği olmalıdır. “Yaşıl Dünya – poster” sərgisində iqlim dəyişikliyi, yaşıl enerji, biomüxtəliflik, ekoloji balans və insan–təbiət münasibətlərini əks etdirən vizual mesajlara üstünlük verilməsi məqsədəuyğundur.
“Təbiət və tullantılar” sərgisində tullantıların təkrar emalı, plastik çirklənmə, məişət və sənaye tullantılarının ətraf mühitə təsiri mövzularının bədii interpretasiyası təşviq edilməlidir.
Rektor C. Mahmudova qeyd edib ki, sərgilərdə ekoloji materiallardan, təkrar emal olunmuş əşyalardan və alternativ texnikalardan istifadə yaradıcılıq baxımından dəstəklənməlidir. Müəllimlərlə yanaşı, tələbələrin də layihələrə cəlb olunması maarifləndirici və yaradıcı mühitin formalaşmasına töhfə verər.
Sərgilərin WUF13 və “Yaşıl Dünya” konsepsiyası ilə əlaqələndirilməsi onların beynəlxalq auditoriya üçün də aktuallığını artıracaqdır.

