ADMİU-da Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Ədəbiyyat və Dillər kafedrasının təşkilatçılığı ilə Xalq şairi, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə ADMİU-nun professor-müəllim heyəti, tələbələr, Nəbi Xəzrinin övladları və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ədəbiyyat və dillər kafedrasının müdiri, professor Fəridə Sofiyeva açaraq Nəbi Xəzrinin şəxsiyyəti, yaradıcılığı haqqında fikirlərini bölüşüb, xatirələrini danışıb.

Kafedranın müəllimi, tədbirin təşkilatçısı, dosent Fatimat Məmmədova Nəbi Xəzri yaradıcılığı haqqında geniş məqalə ilə çıxış edib.

Daha sonra Xalq şairinin yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində ADMİU-nun Səhnə danışığı kafedrasının müəllimi Pərvanə Namazova, tələbə Aylin Nəcəfqızı N.Xəzri yaradıcılığından şeirlər səsləndirib, tələbələr Sərxan Mirzəyev, Fərid Əzizli və Səfiyyə Yaqublu şairin sözlərinə yazılmış mahnılar ifa ediblər.

Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət  xadimi, professor Əli Əmirli çıxışında mərhum şairlə bağlı xatirələrini bölüşüb, onun həm şəxsiyyətinin, həm də yaradıcılığının bütün dövrlərdə gənclər üçün örnək olduğunu vurğulayıb.

Sonda şairin ailəsi adından oğlu Arzu Babayev çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib və “Nəbi Xəzri həm bir ata, həm insan, həm də şair kimi sevgidən yoğrulmuşdu” deyərək onun “Etiraf” şeirini səsləndirib.