ADMİU-da Xalq yazıçısı Kamal Abdulla və professor Rafiq Əliyevlə görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyevlə görüş keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayaraq onların müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitablardan danışıb, bu cür kitabların və onların müəllifləri ilə görüşlərin həm cəmiyyətin, həm də universitetin intellektual mühitinə dəyərli töhfə olduğunu vurğulayıb.
Sonra qonaqlar hər iki kitab haqqında geniş məlumat veriblər. Bildirilib ki, hər iki nəşr qeyri-səlis məntiqin banisi Lütfi-zadənin xatirəsinə həsr olunub.
Akademik Kamal Abdulla çıxışında qeyd edib ki, qeyri-səlis məntiqin dil və nitq müstəvisində araşdırılması elmi baxımdan yeni yanaşmadır və bu istiqamətdə aparılan tədqiqatlar diqqətəlayiq nəticələr vəd edir.
O, eyni zamanda qeyri-səlis məntiqin həyatımızdakı, humanitar elmlərdəki, ədəbiyyatdakı və nəhayətində, “Kitabi- Dədə Qorqud” dastanındakı nümunələrindən çıxış edərək, mövzuya daha geniş aydınlıq gətirib.
Professor Rafiq Əliyev isə qeyri-səlis məntiqin sosial elmlərə tətbiqi ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu yanaşma müasir elmi paradiqmalarda mühüm istiqamətlərdən birinə çevrilməkdədir. O, həmçinin süni intellektin inkişaf tarixi və onun cəmiyyətə təsiri barədə fikirlərini də tədbir iştirakçıları ilə paylaşıb.
Görüşdə ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadə, Ədəbiyyat və dillər kafedrasının dosenti Fatimat Məmmədova mövzu ilə bağlı fikirlərini bölüşüb, öz birgə fəaliyyətləri və kitabları ilə Azərbaycan ədəbiyyatına, Azərbaycan elminə gətirdikləri yeniliklərə görə hər iki qonağa öz təşəkkürlərini bildiriblər.
ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı haqqında geniş məruzə ilə çıxış edib.
Görüş iştirakçıların sualları ilə davam edib, qonaqlar müəllifi olduqları kitabları ADMİU-nun kitabxanasına hədiyyə ediblər.