ADMİU-da Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Ədəbiyyat və dillər kafedrası tərəfindən hazırlanmış tədbirdə ADMİU rəhbərliyi, tələbələr və M.İbrahimovun ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ədəbiyyat və dillər kafedrasının müdiri, professor Fəridə Səfiyeva bildirib ki, 13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb. Bu sərəncama müvafiq olaraq ölkəmizin bir çox yerlərində böyük yazıçının yubileyinə həsr olunmuş tədbirlər keçirilir.
M.İbrahimbəyovun yaradıcılığına qısa şəkildə nəzər salan F.Səfiyeva qeyd edib ki, Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaradıb. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır.
Tədbirdə Xalq yazıçısının həyat və yaradıcılıq yoluna həsr olunmuş video çarx nümayiş olunub.
Daha sonra yazıçının “Əlahəzrətin Rolls-Roysu” əsəri əsasında ADMİU-nun magistr tələbəsi Anar Atakişiyevin hazırladığı tamaşa oynanılıb.
Sonda M.İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova çıxış edərək göstərilən diqqətə və keçirilən tədbirə görə ADMİU rəhbərliyi başda olmaqla, əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.











