ADMİU-da xeyriyyə auksionu keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin təşkilatçılığı ilə ART VII Bədii Auksion keçirilib. Auksionda universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və dəvətli qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova diqqəti bu günlərdə baş verən təyyarə qəzasına çəkərək, bildirib ki, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xalqımızın üçün çox sarsıdıcı faciələrdən biri oldu. Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirik.

Rektorun təklifi ilə məlum faciə nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra ənənəvi bədii auksionundan söz açan C.Mahmudova bildirib ki, ADMİU-da tələbələrin əsərlərindən ibarət ilk bədii 2017-ci ildə keçirilib. Tədbirin əsas məqsədi tələbələrin istedadı və yaradıcılığını nümayiş etdirmək, onlara stimul verməkdir. Həmçinin, xanım rektor auksiondan əldə edilən maddi vəsaitin hər zaman olduğu kimi, bu il də xeyriyyə məqsədi ilə istifadə olunacağını əlavə edib.

Daha sonra auksion öz işinə başlayıb. Auksionda ümumilikdə 38 əsər satışa çıxarılıb ki, onların da hamısı öz alıcısını tapıb.