ADMİU-da Xocalı soyqırımına həsr olunmuş maarifləndirici görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Şəfiyeva tərəfindən tələbələr üçün Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş maarifləndirici söhbət keçirilib.
Görüş zamanı Ə. Şəfiyeva 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilmiş qanlı faciənin tarixi faktlardan söz açaraq, Azərbaycan xalqının başına gətirilmiş müsibətlərdən, faciə nəticəsində həlak olmuş soydaşlarımızdan danışıb. Bu soyqırımı “Əsrin faciəsi” adlandıran natiq qeyd edib ki, bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Bu soyqırımı 1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biridir.
Daha sonra Əfşan Şəfiyeva Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən söz açaraq bildirib ki, bu qələbə və ondan sonra 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Xocalı şəhəri düşmən tapdağından xilas edildi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bu azadlıq Xocalı qurbanlarının, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçən bütün şəhidlərimizin qisasının alınması idi. Bu gün Xocalıda açan hər çiçək, gülümsəyən hər körpə o qurbanların ruhunun şadlığı, əbədi həyatlarının nişanəsidir.
Görüş zamanı Xocalı faciəsinə həsr olunmuş video-çarx nümayiş olunub.

