ADMİU-da yeni Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı işçi qrupun iclası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026–2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması prosesi ilə bağlı Universitetin Elmi Şura otağında 25 noyabr tarixində iclas keçirilib. İclasda universitetin rektoru, prorektorlar, işçi qrupunun üzvləri, əmək bazarının nümayəndələri, məzunlar və tələbələr iştirak ediblər. Tədbirin əsas məqsədi 2026–2030-cu illər üzrə yeni Strateji İnkişaf Proqramının hazırlanması prosesində işçi qrupların görəcəyi işlərin müzakirəsi və mövcud istiqamətlər üzrə qarşıdakı mərhələlərin müəyyən edilməsi olub.
İclas ADMİU-nun 2026–2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı İşçi qrupunun sədri, rektor professor Ceyran Mahmudovanın çıxışı ilə açılıb. Rektor universitetin inkişaf strategiyasının əsas missiyasından hədəflərindən və növbəti beş il üçün müəyyən edilən prioritet istiqamətlərdən bəhs edib. O, qarşıdakı illərdə ADMİU-nun rəqabət gücünün artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi və yaradıcılıq fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir idarəetmə modelinin tətbiqi ilə bağlı prioritet hədəflərdən danışıb.
İşçi qrupunun sədr müavini, Təlim və tədris istiqaməti üzrə alt qrupa məsul şəxs ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova çıxışında fəaliyyət planında nəzərdə tutulan yeni tapşırıqların icra vəziyyəti barədə məlumat verib. O, yeni proqram çərçivəsində təhsil prosesinin yenilənməsi, müasir pedaqoji və rəqəmsal yanaşmaların tətbiqi, tədris nəticələrinin və təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan işlərdən bəhs edib.
Elmi-tədqiqat (yaradıcılıq) istiqaməti üzrə alt qrupa məsul şəxs, ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva universitetdə yaradıcılıq və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, tədqiqat imkanlarının genişləndirilməsi və elmi nəticələrin tətbiqinin stimullaşdırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verib.
İnsfrastruktur istiqaməti üzrə alt qrupa məsul şəxs, ADMİU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru, Fərhad Əliyev infrastruktur istiqaməti üzrə beş il ərzində maddi-texniki bazanın gücləndirilməsi və tədris mühitinin modernləşdirilməsi istiqamətində görüləcək tədbirlər haqqında danışıb.
Beynəlmilləşmə istiqaməti üzrə alt qrupa məsul şəxs, ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevil Kərimova beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi, beynəlxalq mübadilə proqramlarında iştirakın artırılması və universitetin dünya reytinqlərində mövqeyinin yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətini vurğulayıb.
Strateji inkişaf və keyfiyyət təminatı üzrə alt qrupa məsul şəxs, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri, dosent Şirinbəy Əliyev 2021–2025-ci illər üzrə Strateji İnkişaf Planının icrasının monitorinqinin nəticələrini təqdim edib. O, yeni proqramın hazırlanması zamanı əvvəlki SİP-in icra vəziyyətinin və qazanılmış təcrübələrin nəzərə alınmasının vacibliyini, əldə olunan qənaət və nəticələrin universitetin növbəti inkişaf mərhələsi üçün mühüm baza rolunu oynadığını qeyd edib.
Daha sonra çıxış edən əmək bazarı nümayəndələri çağdaş dövrün tələblərinə uyğun kadr hazırlığı üçün mühüm əhəmiyyət kəsb edən təklif və tövsiyələrini səsləndiriblər.
Sonra çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. İşçi qrupun üzvləri yeni Strateji İnkişaf Proqramının müasir çağırışlara uyğunluğu, effektiv idarəetmə mexanizmlərinin formalaşdırılması və universitetin gələcək inkişaf perspektivləri ilə bağlı təkliflərini bildiriblər.

















