ADMİU-da “Zəfərin sədası” adlı bədii proqram keçirilib
Noyabrın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Zəfərin sədası” adlı bədii proqram keçirilib.
Tədbirdə millət vəkilləri, şəhid ailələri, qazilər, universitet rəhbərliyi, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan tədbirdə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb və hər kəsi şanlı Zəfər Günü münasibəti ilə təbrik edib. Dörd ildir ki, bu möhtəşəm tarixi sevinc, qürur və minnətdarlıq hissi ilə qeyd etdiyimizi vurğulayan xanım rektor bu hissləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə, müəllimlərinə öz sonsuz ehtiramını dilə gətirib.
Bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov vətənpərvərlik şeirləri ilə tədbirə rəng qatıb.
Millət vəkili Aydın Mirzəzadə çıxışında bu günün önəmindən danışıb, bu zəfərin təkcə Azərbaycan deyil, müasir dünya tarixində görünməmiş hadisə olduğunu vurğulayıb. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və dəyanəti, ordumuzun şücaəti nəticəsində qazanılan bu zəfərin dünyaya ədalət dərsi olduğunu bildirən deputat xalqımızı bayram münasibəti ilə təbrik edib.
Şəhid General mayor Polad Həşimovun anası Səmayə Həşimova çıxışında şəhidlərimizə və qazilərimizə öz minnətdarlığını bildirib, şəhid qanı ilə qazanılan suverenliyin mərd Azərbaycan xalqı sayəsində əbədi olacağına inamını vurğulayıb.
Şəhid polkovnik Babək Səmidlinin bacısı, AMEA Mərkəzi Elmi Kitabxananın Azərbaycanşünaslıq şöbəsinin müdiri Röksanə Səfərzadə çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib, şəhidlərimizin əbədi yaşadıqlarını deyib.
General-mayor Polad Həşimovla xatirələrindən bəhs edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kamil Musavi Qarabağ zəfərinin xalqımız üçün həyati əhəmiyyətindən danışıb, gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinin önəmini vurğulayıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib.