ADMİU Elmi Şurasının növbəti iclası baş tutub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasın gündəlik məsələlərinə keçməzdən öncə ənənəvi olaraq son Elmi Şura iclasından keçən vaxt ərzində beynəlxalq tədbirlərdə universitetimizi təmsil edərək fərqlənən, həmçinin, yubileyi qeyd olunan əməkdaşlar təbrik edilib.
Universitetin rektoru professor Ceyran Mahmudova iclası giriş sözü ilə açaraq son günlər ADMİU-nun həyatında çox əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. Qazaxıstanda TÜRKSOY-un təşəbbüsü ilə keçirilən “Türk dünyası” III Beynəlxalq Tələbə Teatrları Festivalında SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələrinin ADMİU-nu uğurla təmsil etdiklərini bildirən rektor tələbə Rahib Allahquliyevin “Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafatı qazandığını nəzərə çatdırıb. Rahibi və bütün tələbələri təbrik edən rektor onların bu uğurlarının arxasında böyük müəllim zəhməti dayandığını bildirərək kursun rəhbəri Mikayıl Mikayılov, aktyor sənəti müəllimi Ruslan İsmayılovu da təbrik edib və bütün iştirakçılara sertifikatlar təqdim edib.
Qazaxıstan səfərində ADMİU rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədovaya Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası tərəfindən həm qızıl medal, həm də fəxri professor attestatının, həmçinin, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor, sözügedən festivalın münsiflər heyətinin üzvü İsrafil İsrafilova da qızıl medal verildiyini bildirən rektor onları da təbrik edib, daha böyük uğurlar arzu edilib.
Sözügedən səfərdə ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın da incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə görə Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası tərəfindən qızıl medala layiq görüldüyünü nəzərə çatdıran prorektor N.Rüstəmova kollektiv adından rektoru təbrik edib.
Daha sonra C.Mahmudova ADMİU-nun Xalq çalğı alətləri kafedrasının professor, Xalq artisti Zamiq Əliyev, Estrada sənəti kafedrasının konsertmeysteri, Əməkdar artist Fəridə Hüseynova və Ədəbiyyat və dillər kafedrasının dosenti Elmira Əlizadəni yubileyləri münasibəti ilə təbrik edib, hər birinə uzun ömür, can sağlığı, pedaqoji və yaradıcı fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra iclas gündəlikdəki məsələlər və hesabatlarla öz işini davam etdirib.