ADMİU FICS müsabiqəsində iştirak edib
Azərbaycan Texniki Universitetinin (AzTU) və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) birgə təşkilatçılığı ilə “İnnovativ və Kreativ Həllərin Tapılması (FICS)” beynəlxalq müsabiqəsinin final mərhələsi 27 may 2025-ci il tarixində keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsi və İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə sözügedən tədbirdə tələbələrdən ibarət ADMİU-nun iki komandası (“PELCARE” və “Digital Culture – Mədəni irsin rəqəmsallaşdırılması”) da iştirak edib. “PELCARE” komandasının üzvləri Arif Adıgözəlov, Şəms Mirzəzadə, Məryəm Orucova, Fatimə Məşədi-zadə, ilə “Digital Culture – mədəni irsin rəqəmsallaşdırılması ” komandasının üzvləri Sevil Əliyeva, Fatimə Məmmədzadə, Şövkət Məsimova, Kamil Kamilov, Rüfanə Süleymanova sözügedən beynəlxalq müsabiqədə aktiv iştirak ediblər.
Qeyd edək ki, FICS (Finding Innovative & Creative Solutions) Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir. FICS müsabiqəsi gənc mütəxəssislərin qlobal düşünmə bacarığını inkişaf etdirməyi və dayanıqlı texnoloji həllərin təşviqini hədəfləyir. ADMİU-nun komandaları ikinci dəfədir ki, bu müsabiqədə iştirak edirlər.