ADMİU gəncləri beynəlxalq düşərgədə çıxış ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbə və əməkdaş heyəti Azərbaycan-Gürcüstan Gənclərinin II Beynəlxalq Düşərgəsində fəal şəkildə iştirak edib. Düşərgə çərçivəsində keçirilən mədəni proqramlarda ADMİU tələbələrinin təqdim etdiyi musiqili və yaradıcılıq yönümlü çıxışlar iştirakçılar və təşkilatçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Düşərgənin son günündə ADMİU gəncləri səhnədə öz çıxışlarını təqdim ediblər. Onların çıxışlarını Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov və Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Givi Mikanadze maraqla izləyiblər. Xüsusilə ADMİU tələbələrinin peşəkar səviyyədə təqdim etdikləri çıxışlar nazirlər tərəfindən yüksək qiymətləndirilib.
Nazirlər universitetin yaradıcılığa verdiyi dəstəyi və tələbələrin hazırlıq səviyyəsini təqdir edərək, ADMİU-nun Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin mütəxəssisi Qasımov Toğrula təşəkkürlərini bildiriblər. Eyni zamanda, universitetin rektoru professor Ceyran Mahmudovaya da xüsusi təşəkkür ünvanlayıblar.
Bildirilib ki, bu cür beynəlxalq platformalar gələcək əməkdaşlıqlar üçün mühüm imkanlar yaradır və belə təşəbbüslərin davamlı olması olduqca vacibdir.