ADMİU ilə ADA Universiteti arasında Memorandum imzalanıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova başda olmaqla, nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasını (ADA) ziyarət edib. Görüşdə hər iki universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.
Görüş çərçivəsində ADA Məktəbinin şagirdlərinin ifasında xüsusi kompozisiyalar nümayiş olunub. ADMİU-dan olan qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Daha sonra ADA Universitetinin rektoru səfir Hafiz Paşayev və ADA Məktəbinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında qarşılıqlı hörmət və razılaşma, bərabər hüquqlar və qarşılıqlı fayda əsasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumu ADA Universitetinin rektoru səfir Hafiz Paşayev ADMİU-nun rektoru professor Ceyran Mahmudova imzalayıblar.
Memorandum mədəniyyət və təhsil sahələrində birgə layihələrin təşkili və həyata keçirilməsini əhatə edir.
Memorandum birgə tədbirlərin və layihələrin həyata keçirilməsi, konfransların, sərgilərin, seminarların, simpoziumların, qısa kursların, təlim və ustad dərslərinin, qarşılıqlı maraq doğuran digər fəaliyyətlərin təşkili, birgə tədqiqat layihələrində əməkdaşlıq, birgə tədris fəaliyyətinin təşkili, akademik proqramların və kursların dizaynı, tələbələr, akademik və inzibati heyət üçün birgə təlim proqramlarının təşkili və sair kimi sahələrdə əməkdaşlıq fəaliyyətini nəzərdə tutur.

