ADMIU ilə ATBA arasında memorandum imzalanıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova qeyd edib ki, iki qurum arasında əlaqələr uzun müddətdir ki, mövcuddur. Sürətlə dəyişən və yeniləşən cəmiyyətdə turizmə marağın artmasının turizm bələdçilərinə olan tələbatı da artırdığını deyən prorektor tələbələrin bu sahədə ixtisaslaşmaları və daha da inkişaf etmələri üçün iki qurum arasında genişlənməkdə olan əlaqələrin böyük faydası olacağına inandığını vurğulayıb.
ATBA-nın İdarə Heyətinin sədr müavini Tural Musayev assosiasiyanın fəaliyyəti, görülən işlər və gələcək planlarla bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra tərəflər arasında Memorandum imzalanıb. Memoranduma əsasən tərəflər arasında müəyyənləşdirilmiş, kursların, milli və beynəlxalq forum, konfransların, dəyirmi masaların, sərgilərin, master-klassların və s. təşkili nəzərdə tutulur. Əməkdaşların və mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ortaq proqramlar təşkil ediləcək.
Tədbirin davamında ATBA-nın təlim üzrə mütəxəssisi Şəmistan Muradbəyli və SMM menecer Ruqiyyət Məmmədova turizm ixtisası üzrə təhsil alan tələbələr üçün təlim keçiblər.