ADMİU ilə Nəvai Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində ixtisasartırma proqramı həyata keçirilir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Özbəkistan Respublikasının Nəvai Dövlət Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumu uğurla icra olunur. Memoranduma əsasən, hazırda Nəvai Dövlət Universitetinin professor-müəllim heyəti ADMİU-da ixtisasartırma proqramında iştirak edir.
Proqram çərçivəsində dizayn ixtisası və musiqi müəllimliyi istiqamətləri üzrə tədris prosesinin müasir metodları, yeni pedaqoji yanaşmalar və yaradıcı tədris texnologiyaları üzrə mühazirə və praktiki məşğələlər keçirilir. İştirakçılar Azərbaycan ali təhsil sisteminin təcrübəsi, sənət və mədəniyyət təhsilinin inkişaf tendensiyaları ilə yaxından tanış olurlar.
Layihənin məqsədi iki qardaş ölkə arasında mədəni və elmi əlaqələrin dərinləşdirilməsi, təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və müəllimlərin peşə bacarıqlarının artırılmasıdır.





