ADMİU Kitabxana-informasiya mərkəzi ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası arasında əməkdaşlığa dair onlayn görüş
23 may 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzi və Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasının onlayn formatda əməkdaşlıq görüşü təşkil olunub. Zoom platforması üzərindən keçirilən görüşün əsas məqsədi hər iki ali təhsil müəssisəsi arasında aparılan qarşılıqlı sənəd-informasiya mübadiləsinin genişləndirilməsi, eləcə də, kitabxana proseslərinin rəqəmsallaşdırılması, istifadəçilərə elektron xidmətlərin təşkili, fondların elmi sistemləşdirilməsi və idarəolunması sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarət olub.
NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova açılış nitqində universitet kitabxanasının fəaliyyəti, elektron resurs bazası, tələbə və tədqiqatçılara göstərilən xidmətlər haqqında geniş məlumat verib. Direktor çıxışında Elmi Kitabxananın fəaliyyəti, oxuculara göstərilən xidmətlər, elektron məlumat bazaları və elmi-metodiki resursların istifadəsi barədə geniş məlumat təqdim edib. O, bildirib ki, kitabxana yalnız ənənəvi kitab mübadiləsi ilə deyil, eləcə də, elektron informasiya xidmətləri ilə tədris və tədqiqat fəaliyyətini dəstəkləyir.
ADMİU Kitabxana-informasiya mərkəzinin müdiri Tamilla Əsgərova isə öz növbəsində mərkəzin müasir kitabxana sisteminə keçidi, mədəni irsin qorunması və bərpasında gördükləri işlərdən danışıb. O, Kitabxana-informasiya mərkəzinin son illərdə keçdiyi inkişaf yolundan, elektron bazaların formalaşdırılması, tematik biblioqrafik göstəricilərin tərtibi, habelə, yerli və beynəlxalq elmi resurslarla inteqrasiya sahəsində görülən işlərdən ətraflı danışıb. T.Əsgərova qeyd edib ki, universitet kitabxanaları arasında təcrübə mübadiləsi və metodiki dəstəyin təşkili kitabxanaçılıq fəaliyyətinin keyfiyyətinə və davamlı inkişafına mühüm töhfə verir.
Müzakirələrdə NDU Elmi Kitabxanasının direktor müavini Aysu Rəhimzadə çıxış edərək elektron kataloqların inteqrasiyası, təlim və seminarların birgə təşkilinin önəmini vurğulayıb. Hər iki kitabxana arasında e-resurslara qarşılıqlı çıxış imkanları və kitabxanaçılıq sahəsində könüllülük proqramlarının birgə reallaşdırılması kimi məsələlərin əhəmiyyəti nəzərə çatdırılıb. Daha sonra çıxış edən ADMİU Kitabxana-informasiya mərkəzinin biblioqrafı, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Natiq Mürsəlov ali təhsil müəssisələr arasında kitabxana-informasiya fəaliyyəti sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə dair fikirlərini bölüşüb. O, kitabxanaların müasir dövrdə yalnız informasiya mərkəzi deyil, eyni zamanda, təhsil və tədqiqat prosesinə bilavasitə dəstək verən mühüm elmi platformalar olduğuna diqqət çəkib.
Görüş zamanı universitetlərarası müştərək layihə və təşəbbüslərin əsaslarının müəyyənləşdirilməsi, rəqəmsal transformasiya dövründə ali məktəb kitabxanalarının yeni fəaliyyət istiqamətləri geniş müzakirə edilib. Sonda belə müzakirələrin mütəmadi keçirilməsinin zəruriliyi ifadə olunub və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində razılıq əldə edilib.