ADMİU Məzunlar Assosiasiyasının yeni layihəsi- “Bir söhbət, min hekayət”
LAYİHƏNİN İLK QONAĞI XALQ ARTİSTİ GÜLYANAQ MƏMMƏDOVA OLUB
Aprelin 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyasının təşəbbüsü ilə “Bir söhbət, min hekayət” adlı tədbir keçirilib. Tədbir çərçivəsində ADMİU-nun məzunu, eləcə də Muğam sənəti kafedrasının dosenti, Xalq artisti Gülyanaq Məmmədova ilə görüşə baş tutub.
Görüşdə ADMİU rəhbərliyi, Məzunlar Assosiasiyasının üzvləri və tələbələr iştirak ediblər.
Tədbirin aparıcısı Assosiasiyanın sədri Abbasağa Əlizadə Gülyanaq Məmmədovanın vaxtilə tələbəsi olduğu universitetdə artıq illərdir pedqoq kimi tələbələr yetişdirdiyini, həmin tələbələrin hazırda Azərbaycan muğam sənətini uğurla yaşatdığını və yaşadacağını bildirib.
Tədbirdə G.Məmmədovanın yaradıcılıq yoluna qısa nəzər salan video çarx nümayiş olunub.
Daha sonra Xalq artisti tələbəlik illəri, səhnə arxasındakı unudulmaz xatirələr, sənət yolu, ilham və zəhmətlə yoğrulan sənətkar ömrü haqqında sualları cavablandırıb, önəmli məqamlara toxunub və tələbələrə, gənc xanəndələrə öz tövsiyələrini verib.
Görüşdə Gülyanaq Məmmədova ilə yanaşı, yetirmələri Məftun Səfərli, Əzizxan Əzizov, Səfiyyə Yaqublu öz gözəl ifaları ilə tədbirə rəng qatıblar.
Sonda ADMİU-nun Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova çıxış edərək bu maraqlı tədbir üçün Məzunlar Assosiasiyasının idarə heyətinin üzvlərinə, təşkilatçılara, xüsusən isə Xalq artisti Gülyanaq Məmmədovaya öz təşəkkürünü bildirib, bu cür görüşlərin davamlı keçiriləcəyini vurğulayıb.