ADMİU müəlliminin əsəri beynəlxalq qobelen müsabiqəsində I yerə layiq görülüb
08 iyun 2026-cı il tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, TOMA təşəbbüsü, Azərbaycan Rəssamlıq Akademiyası və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən “Yaddaşın İlmələri: Xatirədən Gələcəyə” adlı beynəlxalq qobelen müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış rəssam və qobelen ustası Gülarə Salayevanın əsəri müsabiqədə yüksək qiymətləndirilərək I yerə layiq görülüb.
Müsabiqəyə təqdim olunan əsər xalça texnikasında işlənmiş, uzunluğu 5 metr, eni 50 santimetr olan “Dərya” adlı fəza qobeleninin bir hissəsidir. Əsər Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunub.
Kompozisiyanın əsas ideyası Azərbaycan Ordusunun qüdrətini və məğlubedilməzliyini simvolizə edir. Müəllif əsərdə Azərbaycan Ordusunu sonsuz gücə malik bir “dərya” obrazında təqdim edir. Bu bədii yanaşma xalqımızın qəhrəmanlıq ruhunu, ordumuzun gücünü və zəfər tarixini simvolik dillə ifadə edir.
Qeyd edək ki, TOMA Beynəlxalq Qobelen Müsabiqəsi müxtəlif ölkələrdən sənətkarları bir araya gətirən nüfuzlu platformalardan biri hesab olunur və müasir tekstil sənətinin inkişafına mühüm töhfə verir.

