ADMİU Novruz düşərgəsindən uğurlarla qayıdıb
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən 21–25 mart tarixlərində təşkil olunan Novruz düşərgəsi elm və təhsil işçiləri üçün səmərəli mübadilə və inkişaf platformasına çevrilib.
800-dən çox həmkarlar ittifaqı üzvünün iştirak etdiyi düşərgədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor-müəllim heyəti və əməkdaşları da fəal təmsil olunublar.
Düşərgə çərçivəsində universitetin Muğam sənəti kafedrasının müdiri, Xalq artisti, dosent Teyyub Aslanovun təqdimatında “Muğam aləminə səyahət” adlı konsert və maarifləndirici görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir milli musiqi irsinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib.
Bununla yanaşı, ADMİU əməkdaşları Azər Həsənov, Hikmət Məmmədov, Samirə Əhmədova və Fatimə Qasımovadan ibarət komanda intellektual bilik yarışında I yerə layiq görülərək kubok və medallarla təltif olunub. Bu nəticə universitet əməkdaşlarının elmi-intellektual potensialının göstəricisi kimi yüksək qiymətləndirilib.
Eyni zamanda, ADMİU-nun Kulturologiya fakültəsinin dekanı, ADMİU Həmkarlar İttifaqının sədri Səyavuş Məhişov düşərgə müddətində universitetin həm tələbə, həm də müəllim üzvlərinin səmərəli fəaliyyətinə görə diplomla təltif edilib.
Düşərgə proqramı çərçivəsində ADMİU-nun Televiziya və kino tədris studiyasının müdiri Azər Həsənov tərəfindən keçirilən “Təhsildə süni intellekt: yeni perspektivlər” adlı təlim iştirakçılar arasında xüsusi maraq doğurduğundan proqram üzrə təlim iki gün davam edib. Təlim zamanı müəllimlərlə süni intellektin tədris prosesinə inteqrasiyası istiqamətində geniş müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub.
Qeyd edək ki, Novruz düşərgəsi elm və təhsil işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, peşəkar ünsiyyətin genişləndirilməsi və müasir təhsil yanaşmalarının paylaşılması baxımından mühüm platforma kimi yadda qalıb.

