ADMİU-nun nümayəndə heyəti “UI GreenMetric Sustainable University Rankings 2026” tədbirində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın rəhbərlik etdiyi heyət 23–25 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə keçirilən “UI GreenMetric Sustainable University Rankings: 2026-cı ilin nəticələri və mükafatlandırması” mövzusundakı tədbirdə iştirak edib.
ADMİU-nu tədbirdə rektorla yanaşı Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov, Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Cavid Zeynalov, Beynəlxalq layihələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Namiq Kərimov, eləcə də Elm və doktorantura şöbəsinin müdiri, dosent Fəridə Cəlilova təmsil ediblər.
Konfrans çərçivəsində dayanıqlı inkişaf, ali təhsildə yaşıl siyasət, ekoloji məsuliyyət, iqlim fəaliyyəti, rəqəmsal davamlılıq və universitet–sənaye əməkdaşlığı kimi vacib mövzular ətrafında müzakirələr aparılıb. Keçirilən ekspert panelləri, vorkşoplar və elmi diskussiyalarda yaşıl kampusların formalaşdırılması, dayanıqlı inkişaf prinsiplərinin tədris və tədqiqat prosesinə inteqrasiyası, həmçinin beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirdə ali təhsil müəssisələrinin ekoloji və sosial məsuliyyətinin gücləndirilməsi, tələbələr arasında ekoloji təfəkkürün və dayanıqlı həyat tərzinin təşviqi, eləcə də universitetlərin cəmiyyətin dayanıqlı inkişafındakı mühüm rolu vurğulanıb.