ADMİU-nun əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət sərgi açılıb
Oktyabrın 24-də Bakı Fotoqrafiya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət “Mən Buradayam\İ am Here” sərgisi təşkil edilib.
Azərbaycan Fotoqraflar Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgidə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ADMİU-nun professor-müəllim heyəti və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova hər kəsi salamlayaraq sərginin anlam və əhəmiyyətindən danışıb. Bildirib ki, bu fotosərgidə təqdim olunan 30 fotoşəkil ADMİU-nun əcnəbi tələbələrinin Bakı, Gəncə, Quba, Şuşa və digər şəhərlərə səyahətlərinin kiçik hekayələridir. Ölkəmizə təhsil üçün üz tutan, ADMİU-da seçdikləri ixtisasların sirlərinə yiyələnən tələbə və məzunlarımız bu fotolarda Vətənimizin möhtəşəm mənzərələri, tarixi-mədəni abidələri, gündəlik həyatını əks etdirməklə yanaşı, həm də fotolar vasitəsilə təəssüratlarını, münasibətlərini də bölüşürlər.
Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin üzvü, Aytac Əlisultanlı, Pakistanın Azərbaycan Respublikasında salahiyyətli səfiri Qasım Mohiuddin, Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Mirnaib Həsənoğlu, layihənin kuratoru, ADMİU-nun Beynəlxalq işlər üzrə prorektoru, dosent Sevil Kərimova çıxış edərək sərgi ilə bağlı öz düşüncələrini bölüşüblər.
Qeyd olunub ki, sərginin məqsədi tələbələrin mədəni inteqrasiyaya yönəlməsi, yeni mühitdə özlərini rahat, doğma hiss etməsi, universitet və şəhər həyatının ayrılmaz bir hissəsi olduqlarının vurğulanmasıdır. Bu təşəbbüs onlar üçün özlərini, dünyagörüşlərini və gözləntilərini, həmçinin perspektivlərini səsləndirmək baxımından unikal şansdır.
Sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Perudan olan tələbələrin əsərləri nümayiş etdirilib. Ümumi konseptlə yanaşı, iştirakçıların hər biri mövzuya dair fərdi yanaşmasını formalaşdırıb və fotonun vizual dili vasitəsilə təqdim edib.
Asude Yılmaz Mehmet (Türkiyə, Teatr sənəti fakültəsi, bakalavr, 1-ci tədris ili) Bakı və Gəncənin müasir memarlıq və heykəltaraşlıq abidələrini, şəhərin gecə işiqlarını vurğulayır və onları sakit təbiət mənzərələri ilə qarşılaşdırır.
Ayzada Seytibaeva (Özbəkistan, Rəssamlıq fakültəsi, magistrant, 1-ci tədris ili) geyim dizaynı sahəsində çalışır, aktiv tərzdə sərgilərdə iştirak edir. Ayzada fotolarda Qarabağla bağlı xatirələrini bölüşür.
Wasif Bilguis Ahmedin (Pakistan, Audiovizual sənətlər fakültəsi, magistrant, 1-ci tədris ili) Bakıya və xüsusilə onun qədim hissəsinə, İçərişəhərə, abidələrin detallarına, rəng və teksturalarına marağı epik yanaşma kontekstində əks olunur.
Fatima Florena Flores Vivar (Peru, Kulturologiya fakültəsi, magistrant) məzun olsa da, ADMİU ilə daim əlaqədədir. Təqdim etdiyi konsept Azərbaycanda müşahidə etdiyi tolerantlıq mühitindən ilhamlanaraq yaranıb. İçərişəhərin Gileyli məscidi və Bakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində çəkdiyi fotolarda bədii həll, maraqlı rakurslar, işıq-kölgə effektləri dərin fəlsəfi yanaşmanı əks edir.
Tədbir boyunca Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, İnstrumental ifaçılıq kafedrasının müdiri Adilə Yusifovanın rəhbərliyi ilə kafedranın tələbələrinin ifalarında səslənən musiqilər iştirakçıların könlünü oxşayıb.



























