ADMİU-nun əməkdaşı “İlin Gənci” seçilib

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təsisçiliyi ilə keçirilən “İlin Gənci” mükafatlandırma mərasimi 2026-cı il üçün “Gənclər Paytaxtı” elan olunmuş Goranboy şəhərində baş tutub. Tədbir “Gənclər Paytaxtı” layihəsinin rəsmi açılışı çərçivəsində təşkil edilib.

Mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, 2025-ci ilin “Gənclər Paytaxtı” olmuş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış edərək gənclərin ölkənin ictimai, mədəni və sosial həyatındakı rolunu xüsusi vurğulayıblar.

Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları gənclər siyasətinə töhfə verən, müxtəlif sahələrdə fərqlənən gənclərə təqdim olunub. Mükafata layiq görülənlər sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin mütəxəssisi Toğrul Qasımov da yer alıb.

Toğrul Qasımov mədəniyyət və incəsənət sahəsində göstərdiyi aktiv və ardıcıl fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif olunub.