ADMİU-nun əməkdaşı İsveçdə beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov İsveçin Kral Texnologiya İnstitutunda (Royal Institute of Technology, KTH) baş tutan beynəlxalq tədbirdə iştirak edib. 

Tədbirin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, eyni zamanda innovativ yanaşmanın təkmilləşdirilməsi olub.

Görüşün ilk günündə layihənin əsas məqsədləri və perspektivləri ətraflı müzakirə olunub. İsveçin sahibkarlıq təhsili sahəsindəki təcrübəsi diqqətə çatdırılıb. Tələbələr və akademik heyət arasında sahibkarlıq bacarıqlarının və innovativ düşüncə tərzinin inkişaf etdirilməsinə dair tətbiq olunan strategiyalar haqqında məlumat verilib.

Sonrakı günlərdə İspaniya, Portuqaliya, Polşa və Estoniyadan olan ekspertlər öz ölkələrinin ali təhsildə təşəbbüskarlıq və innovativ yanaşmalarına dair təcrübələri barədə xüsusi təqdimatlarla çıxış ediblər. Daha sonra bu təqdimatlar əsasında müzakirələr baş tutub.

Səfər zamanı Azərbaycan ali təhsil məkanı üçün innovativlik strategiyasının hazırlanması və müvafiq istiqamətlər üzrə mükafatların təsis edilməsi ilə bağlı müzakirələr aparılıb, komandalar formalaşdırılıb, eləcə də komandaların iş planı təsdiqlənib.

ADMİU-nun bu tədbirdə iştirakı universitetin beynəlxalq fəaliyyət sahəsinin genişlənməsinə, akademik əməkdaşlıq imkanlarının artmasına və innovativ tədris yanaşmalarının inkişafına töhfə verdiyini nümayiş etdirir. Bu tədbir, həmçinin, ADMİU-nun beynəlxalq arenada nüfuzunun yüksəlməsinə, elmi sahədə tanınmasına, rəqabət qabiliyyətinin güclənməsinə və təhsil sistemində müasir yanaşmaların tətbiqi üçün şərait yaratmağa xidmət edir.