ADMİU-nun əməkdaşları COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi ilə bağlı seminarda iştirak ediblər
Dekabrın 19-da “Müxtəliflik, inklüzivlik və dayanıqlıq – COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi” təşəbbüsü çərçivəsində üçüncü seminar keçirilib. Bu təşəbbüs “Women In Tech Azərbaycan” təşkilatı tərəfindən COP29, “Azerconnect Group”, “SOCAR Cape” MMC, “Procter & Gamble” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə həyata keçirilir. Qeyd edək ki, təşəbbüsün əsas məqsədi müxtəliflik, inklüzivlik və dayanıqlıq mövzularında yerli KOS-lara qlobal təcrübəni çatdırmaq və qarşılıqlı fikir mübadiləsini təşviq etməkdir.
“COP29-dan sonrakı miras: dayanıqlılığın davamlılığı niyə vacibdir?” mövzusuna həsr olunmuş seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Yaradıcılıq Layihələrin İdarə olunması şöbəsinin müdiri Aysel Məmmədzadə və həmin şöbənin mütəxəssisi Toğrul Qasımov iştirak ediblər.
Seminarda COP29-un əsas nəticələri və yerli kiçik və orta sahibkarlıq subyektləri üçün təsirləri; COP29-dan sonrakı dövrdə dayanıqlılıq təşəbbüslərinin davam etdirilməsi üçün praktik strategiyalar; Müxtəliflik və inklüzivliyin Azərbaycanda dayanıqlı biznes ekosisteminin yaradılmasında rolu kimi mövzular müzakirə olunub.