ADMİU-nun baş müəllimi Mir Azər Abdullayev beynəlxalq incəsənət simpoziumunda iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Mir Azər Abdullayev Bolqarıstan Respublikasında keçirilən Beynəlxalq İncəsənət Simpoziumunda Azərbaycanı təmsil edib.

Qara dəniz sahilində, Varna şəhərinin şimalında yerləşən “Rusalka” incəsənət mərkəzində ənənəvi olaraq keçirilən simpozium bu il 24 avqust – 2 sentyabr tarixlərini əhatə edib.

26-cı dəfə təşkil olunan “Rusalka” beynəlxalq incəsənət tədbiri çərçivəsində Bolqarıstanın və dünyanın müxtəlif ölkələrindən tanınmış rəssam və heykəltəraşlar bir araya gəlib. Simpozium sənətkarlar arasında yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq təcrübə mübadiləsinin aparılması və müxtəlif sənət məktəblərinin qarşılıqlı tanıdılması baxımından mühüm platforma rolunu oynayıb.

Tədbir müddətində iştirakçılar öz yaradıcılıq işlərini təqdim etməklə yanaşı, yeni əsərlər üzərində çalışıb, peşəkar fikir və təcrübələrini bölüşüblər. Beynəlxalq yaradıcı mühit Azərbaycan rəssamlıq sənətinin müasir istiqamətlərinin təqdim olunması və ölkəmizin mədəniyyətinin beynəlxalq sənət mühitində təbliği baxımından da əhəmiyyətli olub.

Yaradıcılığında yüksək dinamizm, zəngin rəng palitrası və mozaik və ornamental kompozisiyaları xatırladan mürəkkəb faktura ilə seçilən Mir Azər Abdullayev simpozium çərçivəsində 9 gün ərzində üç yeni rəngkarlıq əsəri ərsəyə gətirib:

“İlham Pərisi ilə söhbət”
“Məhəbbət dənizi”
“Hər kəsin öz arzusu var”

ADMİU-nun müəllim və əməkdaşlarının beynəlxalq incəsənət layihələrində iştirakı universitetin yaradıcılıq potensialının inkişafına, beynəlxalq əlaqələrin genişləndirilməsinə və Azərbaycan incəsənətinin dünyada təbliğinə mühüm töhfə verir.