ADMİU-nun baş müəllimi Ruslan Zərbaliyev Türkiyədə keçirilən beynəlxalq festivalda çıxış edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Xalq çalğı alətləri kafedrasının baş müəllimi, tarzən Ruslan Zərbaliyev “Vətən” muğam qrupunun tərkibində Türkiyənin Eskişehir şəhərində keçirilən beynəlxalq mədəniyyət tədbirlərində iştirak edib.

Odunpazarı Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan “Şehrin Ateşi – IX Beynəlxalq Eskişehir Odunpazarı Seramik Pişirim Teknikleri Çalıştayı” və “Camın Büyüsü – XI Odunpazarı Beynəlxalq Cam Festivalı” çərçivəsində Azərbaycan muğamı dinləyicilərə təqdim olunub.

Festivalda “Vətən” muğam qrupunun üzvləri — xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov və nağara ifaçısı Siyavuş Kərimov çıxış ediblər. Proqramda Azərbaycan Milli Konservatoriyasının tələbələri Ayxan İmanov və Nuray Hacıyeva da iştirak ediblər.

Səfər çərçivəsində qrup üzvləri Eskişehirdə televiziya verilişinə dəvət olunaraq Azərbaycan muğam sənətindən danışıblar və milli musiqimizi tamaşaçılara təqdim ediblər. Onlar həmçinin 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə “Aker” Şirkətlər Qrupunun rəhbəri Okan Aktaşın təşkil etdiyi tədbirdə iştirak ediblər.

Tədbirlərin sonunda Azərbaycan nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.