ADMİU-nun beynəlxalq əlaqələrində yeni səhifə
ADMİU-nun 100 illik zəngin təcrübəsində tərəfdaşlıq etdiyi universitetlərlə elmi, tədris və mədəni sahələrdəki beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Avropanın incəsənət yönümlü aparıcı ali təhsil müəssisələrindən biri olan, 1818-ci ildən fəaliyyət göstərən yüksək reytinqli Jan Matejko İncəsənət Akademiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlər bunu bir daha təsdiq edir. Krakov şəhərində yerləşən bu akademiya ilə tərəfdaşlıq 2022-ci ilin iyun ayında universitetin rektoru, sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudovanın Polşaya işgüzar səfərində Jan Matejko İncəsənət Akademiyasının rəhbərliyi ilə imzalanmış əməkdaşlıq memorandumuna əsasən uğurla davam edir. Nəzərdə tutulan tədbirlər planına əsasən ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimi Samir Qafarov və fakültənin 2 kurs magistrantı Mir-Elbəy Mir Qasımov akademiyanın fəaliyyəti ilə yaxından tanış olmaq və fikir mübadiləsi aparmaq üçün ötən ilin sonunda təhsil müəssisəsinin Qrafika, İntermedia və Sənaye dizaynı fakültələrində qısa müddətli təcrübədə olublar. Yaxın günlərdə isə Jan Matejko İncəsənət Akademiyası ADMİU-ya dəyərli tədris vəsaitlərini hədiyyə göndərib. İlk nəşr Sənaye dizaynı fakültəsinin professor-müəllim heyətinin 1964-2014-cü illər ərzindəki yaradıcılıq əsərlərinin kataloqundan ibarətdir. Digər nəşrdə akademiyanın tələbələrinin 2012-2017-ci illərdəki dizaynla bağlı maarqlı işləri öz əksini tapmışdır. Universitetin Rəssamlıq fakültəsinin tələbələrinin xeyli marağına səbəb olan bu kitablarla Kitabxana-informasiya Mərkəzinin oxu zalında tanış olmaq mümkündür.