ADMİU-nun bütün fakültələri “Açıq qapı” günlərini uğurla başa vurub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün fakültələrində “Açıq qapı” günləri baş tutub.

Açıq qapı günlərində hər fakültə müvafiq ixtisaslar üzrə orta məktəblərin son sinif şagirdlərini, abituriyentləri qəbul edib, onları universitetin ab-havası, keçirilən ixtisaslarla tanış ediblər.

Abituriyentlər, müəllimlər və valideynlər mayın 6-da iki fakültədə- Teatr sənəti və Rəssamlıq fakültəsində qonaq olublar. Onlar Rəssamlıq fakültəsində dekorativ-tətbiqi sənət ixtisası (bədii xalça, bədii toxuculuq ixtisaslaşmaları), dizayn ixtisası (geyim dizaynı ixtisaslaşması), təsviri incəsənət müəllimliyi, dizayn (qrafika dizayn, interyer dizayn), qrafika, rəngkarlıq, sənətşünaslıq ixtisaslarını tədris edən professor-müəllim heyəti ilə görüşüblər. Eyni zamanda Teatr sənəti fakültəsi aktyor sənəti (dram teatrı və kino aktyoru, musiqili teatr aktyoru ixtisaslaşması), rejissorluq (teatr rejissoru ixtisaslaşması), sənətşünaslıq (teatrşünaslıq) ixtisasları üzrə abituriyentləri qəbul edib, kafedralarla, professor-müəllim heyəti ilə tanış edib.

Mayın 13-də Kulturologiya fakültəsi sosial iş, sosiologiya, muzey, arxiv işi, abidələrin qorunması, turizm işinin təşkili, turizm bələdçisi, kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasları üzrə qonaqları qəbul ediblər.

Mayın 14-də Musiqi sənəti fakültəsində açıq qapı günü keçirilib. Bu fakültə ilə maraqlanan abituriyentlər və onların valideynləri həmin gün burada tədris olunan populyar musiqi və caz ifaçılığı, vokal sənəti (xanəndəlik), instrumental ifaçılıq (sahələr üzrə), xalq çalğı alətləri ifaçılığı, aşıq sənəti, musiqi müəllimliyi, musiqişünaslıq ixtisaslarında tədris aparan professor-müəllim heyəti ilə görüşüb, dərslərdə iştirak ediblər.

Son olaraq 15 may tarixində Audiovizual sənətlər fakültəsində rejissorluq (kino rejissoru ixtisaslaşması), operator sənəti, bədii yaradıcılıq və ekran dramaturgiyası, sənətşünaslıq (kinoşünaslıq) ixtisasları üzrə açıq qapı günü keçirilib. Bu fakültənin rəhbərliyi və əlaqədar əməkdaşlar universitetlə, sözügedən fakültədə tədris olunan ixtisaslarla maraqlanan abituriyentləri qəbul edib, onlara geniş məlumatlar verib, tədris studiyası, eləcə də dərs prosesi ilə tanış ediblər.