ADMİU-nun da təşkilatçılığı ilə Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində Ankara Hacı Bayram Veli Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə XII əsrin məşhur mütəfəkkir-şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş “Türk dünyası və Pir-i Türküstan Yasəvi yolu və mirası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.  

XII əsrdə Türk dilini dünyanın ən inkişaf etmiş dilləri səviyyəsinə qaldırmış, İslam dininin təbliğatçısı Əhməd Yasəvinin tədqiqi, təbliği və tanıdılmasını nəzərdə tutan konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinın rektoru, professor Cəfər Cəfərov bildirib ki, ortaq türk mədəni irsinin öyrənilməsi xüsusi əhəmiyyətli layihələrdir. Onun yaradıcılığının, mədəni mühitinin vahid türk elmi müstəvisində öyrənilməsi Azərbaycan üçün də əhəmiyyətlidir. Həmçinin, qeyd olunub ki, türk dünyasını İslam dəyərləri ətrafında birləşdirən Əhməd Yasəvinın irsi bu günümüzdə xüsusi aktuallığa malikdir.

Konfransda ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevil Kərimova və sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Şəfiyeva iştirak ediblər. Konfransda dosent Ə.Şəfiyevannın “Əhməd Yasəvi İrsi: Türk Xalqlarının Ortaq Mədəniyyət Nümunəsi Kimi” məruzəsi maraqla dinlənib.