ADMİU-nun dosenti Gənc Ailə Forumunda məruzə ilə çıxış edib

İyunun 11-də Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə “Güclü ailələr, güclü toplumlar: Türk Dövlətləri Təşkilatının ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan tədbir keçirilib.

Tədbirdə ailənin cəmiyyət həyatında dayanıqlı təməllər üzərində qurulması, milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsi və ailə institutunun müasir çağırışlara uyğun inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Sosial-mədəni fəaliyyət kafedrasının müdiri dosent Sevinc Əskərova, müəllimlər Ülkər Rzayeva və Günel İbrahimova iştirak ediblər.

12 iyun tarixində isə “Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü – Ailə” mövzusunda Gənc Ailə Forumu çərçivəsində panel müzakirələri təşkil olunub. Birinci paneldə Sevinc Əskərova “Türk dünyasında ailə institutu və çağdaş dəyişikliklər” adlı mövzu ilə çıxış edib.

Müzakirələrdə medianın ailə dəyərlərinin təşviqində və gənc ailələr üçün nümunəvi ailə modelinin yaradılması prosesində rolu, ailə institutunun dini və mənəvi dəyərlərlə əlaqəsi, ailənin mədəniyyətin formalaşmasında və sosial mühitin inkişafında rolu, texnoloji yeniliklərin və rəqəmsallaşmanın ailə dəyərlərinə təsiri, gənc ailələrin dəstəklənməsinə dair fikirlər səsləndirilib.