ADMİU-nun dosenti Özbəkistanda keçirilən Beynəlxalq simpoziumda iştirak edib

Özbəkistanın Daşkənd şəhərində “Türk Dünyasının Yeniləşmə Prosesləri: Türk Dünyasında Cədidçilik” mövzusunda III Beynəlxalq simpozium keçirilib. 

Özəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Daşkənd İqtisadiyyat və Pedaqogika Universiteti, Türkiyənin Ege Universiteti, İzmir şəhərindəki Azərbaycan Fondunun  paytaxtda çap edilən “Cədid” qəzeti ilə birgə təşkil etdiyi tədbirdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Şimali Kipr Türk Respublikası və digər ölkələrin universitetlərindən tədqiqatçılar, eləcə də “Cədidçilik” mövzusunda elmi araşdırmalar aparan alimlər, həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasınının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan  Şəfiyeva  iştirak edib.

Simpoziumun plenar iclasında Təşkilat komitəsinin sədri, Türkiyənin Ege Universitetinin Müasir Türk Dilləri və Ədəbiyyatı bölümünün müdiri, doset Yılmaz Özkaya, Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru, professor Şəkərboy Canikulov,   Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin elmi işlər üzrə prorektoru, professor Marifjon Yuldaşev, “Cədid” qəzetinin baş redaktoru İqbol Mirza və digər qurumlardan olan professor və alimlər çıxış edərək, simpoziumun məqsəd və əhəmiyyətini vurğulayıblar. Türk dünyasında Cədidçiliyin inkişafından, özbək maarifçisi, dramaturq, naşir, müəllim, müfti, din və ictimai xadim Mahmudxoca Behbudinin xidmətlərindən danışıblar. 

ADMİU Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının müdiri dosent Əfşan  Şəfiyeva  “İranda modernləşmə ideologiyasının formalaşmasında Azərbaycan türklərinin rolu: Seyid Həsən Tağızadənin nümunəsində” adlı məruzə  ilə çıxış ediblər. Məruzəçi İranın dövlətçilik tarixində, eləcə də İranın modernləşmə prosesində mühüm rol oynayan Azərbaycan türklərindən bəhs edib. Məruzə simpozium iştirakçıları tərəfindən çox maraqla qarşılanıb.

Simpoziumun ikinci günü Çırçıq şəhərində yerləşən Mənəviyyat Sarayında “1 oktyabr – Müəllimlər və Tərbiyəçilər Günü” münasibətilə tədbir keçirilib,  sonra iştirakçılar üçün şəhər gəzintisi təşkil olunub.

Simpoziumun sonuncu günü isə iştirakçılar Özbəkistanın tarixi və mədəniyyət baxımından zəngin şəhərlərindən olan Səmərqənddə olub, qədim şəhərin tarixi məkanlarını, o cümlədən Əmir Teymurun türbəsini ziyarət ediblər.