ADMİU-nun dosenti Özbəkistanda keçirilmiş beynəlxalq onlayn seminarda çıxış edib 

13-14 yanvar 2026-cı il tarixlərində Buxara Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə “Xarici dillərin tədrisi metodologiyasının inkişafında müasir tendensiyalar: yerli yanaşmalar və xarici təcrübəyə əsaslanan həllər” mövzusunda beynəlxalq onlayn qış məktəbi seminar-treninq keçirilib. Universitetin dosenti Nasiba İbodovanın moderatorluğu ilə baş tutan konfransda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Monqolustan və digər ölkələrdən tədqiqatçılar iştirak ediblər.

Konfransda ADMİU-nun “Muzeyşünaslıq və turizm” kafedrasının dosenti Anar Ağalarzadənin “Azerbaijan-Uzbek Cultural Relations: View of history (Azərbaycan-Özbək mədəni əlaqələri: tarixə baxış)” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi çıxışında qeyd edib ki, Azərbaycan ilə Özbəkistan tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın ölkələrdir. Bildirilib ki, son illərdə mədəni irs sahəsində elmi əlaqələrin nəticəsi kimi qarşılıqlı olaraq hər iki ölkənin alimləri Böyük İpək Yolu üzərində yerləşən ortaq tarixə malik xalqların maddi mədəniyyətini yenidən araşdırmalara cəlb etməyə çalışırlar. Bunun nəticəsi olaraq Orta əsrlər dövrü arxeoloji maddi mədəniyyət nümunələri müqayisəli təhlillər əsasında öyrənilərək çap olunub. Gələcəkdə mədəni irs sahəsində əməkdaşlığın davamlı olacağına da əminlik ifadə edilib.