ADMİU-nun dosenti Türkiyədə beynəlxalq konfransda iştirak edib

Türkiyənin İstanbul şəhərinin İstanbul Universitetində “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransı keçirilib. Azərbaycanı təmsil edən həmtəşkilatçılardan biri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin olduğu konfransda – Türkiyə, İtaliya, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Fransa, Portuqaliya, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İran, Böyük Britaniya, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən qatılan 120-dən çox alim və gənc tədqiqatçı məruzə və posterlə çıxış edib. Dünyanın bir neçə ölkəsindən gələn alimlər və gənc tədqiqatçılar konfransın məğzinə uyğun olaraq abidələrin konservasiyası və bərpası (restovrasiya), “açıq səma altında” və “qapalı” muzeylərdə muzey əhəmiyyətli abidələrin qorunması məsələsini ön plana çıxararaq geniş şəkildə təhlil ediblər.

Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil edən “Muzeyşünaslıq”  kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, muzeyşünas alim Elfira Məlikova yetişməkdə olan muzeyşünasların rolunu önə çəkərək “Muzey işinin öyrənilməsində muzeyşünaslığın mühüm rolu” adlı məqaləsini konfrans təsisçilərinə təqdim edib və ADMİU-nun “Muzey, arxiv işi, abidələrin qorunması” ixtisasını bitirən bir sıra məzunların təkcə muzeylərdə deyil, eyni zamanda Bərpa mərkəzlərində bərpaçı (restavrator) kimi çalışdıqlarını, xüsusilə də muzeyşünasların muzey işində əhəmiyyətli rolunu daha qabarıq şəkildə vurğulayıb.

Dosent Elfira Məlikova konfransda müəllifi olduğu iki cildlik “Azərbaycan muzeyşünaslığı” adlı monoqrafiyasını təqdim edərək, Muzeyşünaslıq elmi, Azərbaycanda bu elmin formalaşması, Azərbaycan mədəniyyəti və incəsənəti tarixi, Azərbaycanda Milli Akademiyanın ilkin tarixi, milli muzeylərin fəaliyyətə başlamasının xronoloji şəkildə təhlili, muzey yaradıcıları və qocaman muzey işçiləri, Azərbaycanın tarixçi, sənətşünas alimləri, ADMİU-nun məzunları və s. haqda geniş şəkildə çıxış etmişdir.

E.Məlikova “Azərbaycan muzeyşünaslığı” (II Cild) kitabını (2 nüsxə) İstanbul Universitetinə və digər əcnəbi ölkələrdən gələn konfrans iştirakçılarına (5 nüsxə) hədiyyə edib.

Konfransda iştirak edən alimlərlə geniş şəkildə elmi müzakirələr keçirilib.

“Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransına ADMİU-nun “Kinooperator sənətinin tarixi və nəzəriyyəsi” ixtisası üzrə (magistr pilləsi) məzunu Amin Məlikov da qatılıb. Onun “Mədəni irsin qorunmasında operator-rəssamın işi” adlı tezisi çap edilib, posterin təqdimatı keçirilib.