ADMİU-nun gənc dizaynerləri Antalya Moda Həftəsində iştirak edəcəklər

Birinci Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin (Baku Culture and Creative Fashion Week) təşkilatçıları- Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və AFWEU -nun (Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir) təsisçisi Aydın Açık Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
Onlar burada ADMİU-nun tələbələri də daxil olmaqla 13 ali məktəbin yetirməsi olan gənc dizaynerlərə sertifikatlar təqdim ediblər.
ADMİU-nun Rəssamlıq fakültəsinin rəhbərliyi və müəllimləri- sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nəzakət Səfərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizin iştirakı ilə keçirilən görüşdə təşkilatçılar bildiriblər ki, Birinci Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsində Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya və Türkiyədən olan dizaynerlər, eləcə də yerli gənc istedadlar iştirak ediblər. Əvvəlcə gənc dizaynerlərin ən yaxşı əsərləri “Fashion Week Atlas” – Antalya Moda Həftəsində təqdim olunmalı idi, amma sonra qərar qəbul olundu ki, hər kəsə belə bir şans yaradılsın. Görüşdə gənclərin moda sənayesi sahəsində öz qabiliyyətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, mayın 29-30-da keçiriləcək Antalya Moda Həftəsində gənc dizaynerlərin heç bir vəsait ödəmədən iştirakı əlamətdar hadisədir. Beləliklə, gənc istedadlar Türkiyədə beynəlxalq moda həftəsində tanınmış dizaynerlər ilə bərabər öz kolleksiyalarını təqdim edə biləcəklər. Aydın Açıkın və Gülnarə Xəlilovanın gənc dizaynerlərə belə bir önəmli dəstəyi və beynəlxalq təcrübə qazandırması alqışalayiqdir.