ADMİU-nun Kitabxana-informasiya mərkəzinin əmədaşları beynəlxalq konfransda
Noyabr ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. MEK-in 100 illik yubileyinə həsr olunan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyadan qonaqların qatıldığı tədbirdə Kitabxana-informasiya mərkəzinin əməkdaşları da iştirak etmişlər.
Konfransın “Akademik kitabxanalar rəqəmsal informasiya mühitində” bölməsində mərkəzin müdiri Tamilla Əsgərovanın “ADMİU-nun kitabxanalararası elmi-informasiya mübadiləsinin akademik mühitin formalaşmasında rolu (2020-2025-ci illər)” adlı, biblioqraf, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi, doktorant Natiq Mürsəlovun “Akademik kitabxana mühitində kəmiyyət tədqiqatları üçün dəyişənlərin növləri və ölçü səviyyələri” adlı, “Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər” adlı bölmədə isə mərkəzin əməkdaşı, Muzeyşünaslıq və turizm kafedrasının müəllimi, doktorant Fəridə Abdullazadənin “Artificial intelligence and ICT-based assistive technologies in library and information services for persons with disabilities” mövzusunda məruzələri dinlənilmişdir.
Tədbirdə mədəni müxtəlifliyin qorunmasında rəqəmsallaşma, kitabxanaların missiyası, türk dövlətlərində milli-mənəvi irsin mühafizəsi, kitabxanaların sosial və elmi funksiyaları, müasir akademik kitabxana proseslərində innovasiyaların tətbiqi istiqamətləri, habelə, sənəd-informasiya fəaliyyətində süni intellekt və müasir çağırışlar geniş şəkildə müzakirə olunmuşdur.




