ADMIU-nun məzunlar assosiasiyası yaradıldı
Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyasının yaradılması ilə bağlı konfrans keçirilib. Konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağının hər zaman öz məzunlarına yüksək dəyər verdiyini və onlarla fəxr etdiyini vurğulayıb. Rektor qeyd edib ki, yüz ildir Azərbaycan mədəniyyətinə saysız-hesabsız istedadlı və peşəkar sənətkarlar bəxş edən Mədəniyyət və İncəsənət Universitetinin tarixində ilk dəfədir yaradılan Məzunlar Assosiasiyası universitetlə onun məzunlarının əlaqələrinin hər zaman sıx olmasına, iki tərəf arasındakı bağların bundan sonra da heç zaman qırılmamasına xidmət edəcək.
Sonra ADMİU-nun Tədris şöbəsinin müdiri Emil Səlimov Məzunlar Assosiasiyasının iş prinsipləri və əsasnaməsi ilə konfrans iştirakçılarını tanış edib. Bildirilib ki, Məzunlar Assosiasiyası ADMİU-nun rəhbərliyinin və məzunlarının təşəbbüsü ilə könüllü üzvlük əsasında yaradılmış ictimai birlikdir və ADMİU-nun daxili təşkilatıdır. Assosiasiyanın yaradılmasında məqsəd ADMİU məzunlarının universitetlə əlaqələrinin saxlanmasını təmin etmək, dünyanın hər yerindəki məzunlarla əlaqə yaratmaq və onları bir araya gətirmək, müntəzəm görüşlər və tədbirlər həyata keçirməklə məzunların yaradıcı, elm və işgüzar fəaliyyətlərinin inkişafına təsir göstərmək, həmçinin, onların müvafiq sahələrdə maraqlarının öyrənilməsi, məzunların toplanan məlumat və rəylərlə təhsil prosesinə töhfə vermək və sairdir.
Əsasnamə ilə tanışlıqdan sonra hər fakültə Assosiasiyanın üzvlüyünə namizədlərini təqdim edib. Səsvermə nəticəsində Abbasağa Əlizadə, İmdad Kərimli (Audiovizual sənətlər), Elməddin Zakirli (Teatr sənəti), Gülgün Bağırova, Günel İbrahimova (Kultrologiya), Şəbnur Pənahlı (Rəssamlıq) və Mehriban Qasımova (Musiqi sənəti) üzv seçiliblər.
Həmçinin, səs çoxluğu ilə Abbasağa Əlizadə Məzunlar Assosiasiyasının sədri təyin olunub.
Səsvernədən sonra ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova çıxış edərək deyib ki, hər bir təhsil müəssisəsi öz məzunu ilə tanınır: “Əgər bir universitetin cəmiyyətə fayda verən, uğurlu məzunu yoxdursa, deməli, onun heç bir dəyəri yoxdur. Yüz ildir ki, ADMİU mədəniyyət və incəsənət sferasında təkcə ölkəmizdə yox, bütün dünyada tanınan uğurlu məzunlara sahibdir. O məzunların hamısı universitetimizin bir parçasıdır. Yüz ildə ilk dəfədir ki, ADMİU-nun məzunları birləşərək bir ictimai birlik yaradırlar. İnanıram ki, yaxın gələcəkdə məzunlarımızdan ibarət bu birlik öz uğurlu fəaliyyəti ilə həm ölkəmizdə, həm də ölkəmizdən kənardakı məzunlarımızı bir şüar altında birləşdirəcək”.
Daha sonra ADMİU-nun həm məzunları, həm də əməkdaşları kimi professor Sevda Teymurova, Əməkdar artist, dosent Yaqut Paşazadə çıxış edərək Məzunlar Assosiasiyasının yaradılmasının önəmindən danışıb, bu münasibətlə hər kəsi təbrik ediblər.
Məzunların adından çıxış edən Azər Səlim, Kürçaylı Məmmədov və başqaları göstərilən təşəbbüsü alqışlayıb, öz növbələrində Assosiasiyanın fəaliyyətinə hər zaman töhfə verməyə çalışacaqlarını deyiblər.