ADMIU-nun məzunu “Yeni adlar” layihəsində çıxış edib
Mədəniyyət Nazirliyinin 2022-ci ildən bəri keçirdiyi “Yeni adlar” layihəsi Azərbaycan ifaçılıq sənətinin inkişafında, bu sahədə yeni istedadlı nəslin tanınmasında və əlbəttə ki, parlaq ifaçıların yetişməsində böyük xidmət göstərir. Layihənin bu dəfəki təşəbbüsü M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutmuşdur. Görkəmli oftamoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş konsertdə K.Sen-Sans, M.Bruch, M.Ravel və S.Raxmaninov kimi tanınmış bəstəkarların füsunkar əsərləri səslənərək tamaşaçıların zövqünü oxşamışdır. 26 aprel 2024-cü il tarixində keçirilən konsertdə istedadlı dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri resbuplika və beynəlxalq müsabiqələr laureatları Rüstəm Zeynalov (piano), Nərmin İsmayılova (piano), Humay Hacızadə (viola), Zərrin Əliyeva (violin) və Aynur Abdullayeva (piano) kimi gənc istedadlı ifaçıları müşayiət edirdi.
Pianoçular Rüstəm Zeynalov və Nərmin İsmayılovanın ifasında K.Sen-Sansın “Le Carnaval des animaux” süitas, viola ifaçısı Humay Hacızadənin M.Bruchun viola və orkestr üçün “Romans” (F-dur, op.85), violin ifaçısı Zərrin Əliyevanın M.Ravelin “Qaraçı qız” rapsodiyası və pianoçu Aynur Abdullayevanın ifasında S.Raxmaninovun “Paqanini mövzuna rapsodiya” (a-moll, op.43) kimi əsərləri musiqisevərlər tərəfindən yüksək alqışlarla qarşılandı.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr məzunu Aynur Abdullayeva ifası ilə konsertin ən yaddaqalan iştirakçılarından biri idi. ADMİU-nun Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq ixtisası üzrə magistr təhsili alan Aynur Abdullayevanın yaradıcı-elmi rəhbəri İnstrumental ifaçılıq kafedrasının dosenti, Əməkdar müəllim Rəşad Kazımov olmuşdu. Təhsil müddətində texniki və bədii imkanları ilə fərqlənən Aynur Abdullayeva klassik musiqi ənənələri ilə ifaçılıq texnikasını əsərlərində birləşdirən Raxmaninov üslubunu ifası zamanı ön plana çəkməyi uğurla bacarmışdır.