ADMİU-nun müəllim və tələbələri “Azərbaycan xalçaçılıq sənətinin dirçəlməsi: orijinallıq və innovasiya” mövzulu mühazirədə iştirak ediblər

Martın 14-də Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi Tərlan Qorçunun “Azərbaycan xalçaçılıq sənətinin dirçəlməsi: orijinallıq və innovasiya” mövzulu mühazirəsi keçirilib. Mühazirədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və Dekorativ- tətbiqi sənət kafedrasının Bədii toxuculuq və Bədii xalça ixtisaslaşmaları üzrə müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Səltənət Rzayeva, dosent Gülarə Salayeva, baş müəllim Xatirə Hüseynova və III-IV təhsil ili tələbələri iştirak ediblər.

Tərlan Qorçunun təqdim etdiyi müəllif xalçaları tələbələr tərəfindən maraqla qarşılanıb. Onun xalçaları, yaradıcılığı və mühazirə mövzusu ilə bağlı verdiyi məlumatlar dinləyicilərdə bu istiqamətdə maraqlı suallar yaradıb. Mühazirədən sonra iştirakçıların sualları geniş şəkildə cavablandırılıb.   

Müzakirələrdə Milli Xalça Muzeyinin əməkdaşı, Əməkdar rəssam Taryer Bəşirov, Əməkdar Mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova, dosent Gülarə Salayeva mövzu ilə bağlı öz fikirlərini bildirib maraqlı müzakirəyə görə T.Qorçuya təşəkkürlərini bildiriblər.

Müzakirələrin nəticəsi olaraq mütəxəssislər qeyd ediblər ki, ənənəvi  xalçanın kompozisiya quruluşu qorunmalı və adına uyğun şəkildə işlənməlidir. Müasir müəllif xalçaları isə kompozisiya elementləri tamamilə müəllif tərəfindən yaradıldığı tədqirdə istənilən şəkildə təqdim oluna bilər.