ADMİU-nun müəllimi beynəlxalq festivalda qalib olub
Litvanın Şaulyay şəhərində keçirilən X Beynəlxalq Folklor və İncəsənət Müsabiqə-Festivalına iki nominasiya üzrə qatılmış “Vətən” musiqi qrupunun üzvləri (xanəndə Səfalı Mirzəliyev, tar Ruslan Zərbaliyev, kamança Pərviz Fərhadov, nağara Elnur Əliyev) hər iki kateqoriya üzrə birincilik qazanaraq festivalın xüsusi mükafatına layiq görülüblər.
Festivalın bədii rəhbəri Darius Daknys və təşkilat komitəsinin sədri Zenonas Ripinskis tərəfindən qrup üzvlərinə Litvanın milli musiqi aləti hədiyyə edilib. Onlar, həmçinin “Festivalın ən yaxşı musiqiçiləri” adına və xüsusi mükafata layiq görülüblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tarzən Ruslan Zərbaliyev isə instrumental ifa nominasiyasında çıxış edərək l yerin qalibi olub, musiqiçilərimiz diplom və pul mükafatı ilə təltif ediliblər.
Festivala UNESCO-nun Beynəlxalq Xalq Yaradıcılığı və İncəsənət Təşkilatı (IOV), eyni zamanda, Beynəlxalq Rəqs Festivalları Federasiyası (FIDAF) rəhbərlik edib. Ümumilikdə 41 ölkənin qatıldığı müsabiqədə Azərbaycanla yanaşı Litva, Latviya, Portuqaliya, Serbiya, Rumıniya, Slovakiya, Şimali Makedoniya, Sloveniya, Macarıstan, İspaniya, Estoniya və digər ölkələr təmsil olunublar.
Altı ölkədən nümayəndələrin qatıldığı beynəlxalq münsiflər heyətinə tanınmış folklor ifaçısı Dr. Loreta Sungailienė sədrlik edib. Heyətə, həmçinin Katalin Gabriel Oancea, Qabriel Frontera Mestre, Mafalda Patricia Silva Rego, Diana Martinaitienė, Kristina Kuprytė və Darius Daknys daxil olublar.
Müsabiqədən sonra “Vətən” musiqi qrupu Litvanın Siauliai, Zarenai və Meskuicay şəhərlərində geniş konsert proqramları ilə çıxış edib.
Qeyd edək ki, “Vətən” musiqi qrupunun üzvləri həm respublika, həm də beynəlxalq müsabiqələrin qalibləri olmaqla yanaşı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.