ADMİU-nun müəllimi Braziliyada keçirilən konsertdə çıxış edib
Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, tarzən Səxavət Məmmədovun iştirakı ilə Klaudiu Santoru adına Brazilia Milli Teatrının Simfonik Orkestri tərəfindən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Hacı Xanməmmədov və Həsən Rzayevin, eləcə də görkəmli braziliyalı bəstəkar Heytor Villa-Lobosun musiqisi səsləndi. Ənənəvi olaraq, konsert Üzeyir bəyin “Koroğlu” operasından uvertyurası ilə açılıb.
Tədbirin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Braziliyadakı səfiri Rəşad Novruz konsertin Azərbaycanda hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Gününə həsr olunduğunu, həmin tarixin dahi bəstəkar, Azərbaycan klassik musiqisi və bəstəkarlıq məktəbinin banisi, bütün Şərq dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edildiyini bildirib.
Tədbirdə Braziliya Federal Dairəsinin rəsmiləri, diplomatik korpus və şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.