ADMİU-nun müəllimləri Almaniyada keçirilən konsertdə iştirak ediblər

Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” adlı təntənəli konsert təşkil edib.

Gecədə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşeləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra 8 Noyabr – Zəfər Gününə və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan filmlər nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, tədbirdə Azərbaycan tarixinin və mədəniyyətinin iki mühüm hadisəsinin qeyd olunduğunu vurğulayıb.

Çıxışında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin Azərbaycanda və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayan səfir bildirib ki, Üzeyir Hacıbəyli bütün müsəlman dünyasında ilk operanın yaradıcısıdır. Diplomat Üzeyir Hacıbəylinin doğma şəhəri Şuşanın öz azadlığına qovuşmasının bu gün dərin rəmzi məna daşıdığını qeyd edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə isə çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixində suverenliyin və ərazi bütövlüyünün bərpası günü, eləcə də milli birliyin rəmzi kimi xüsusi yer tutduğunu vurğulayıb.

Çıxışlardan sonra rəngarəng konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin rəhbərliyi ilə Berlin Filarmonik Kamera Orkestri çıxış edib.

ADMİU-nun müəllimləri- Əməkdar artist İnarə Babayeva, Respublika müsabiqələr laureatı, tarzən Səxavət Məmmədov konsert proqramında Azərbaycan və klassik Avropa bəstəkarlarının əsərlərini təqdim ediblər.