ADMİU-nun müəllimləri Berlində konsert proqramı ilə çıxış ediblər
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “İnnovasiya və incəsənətin ustadları: Türk dünyasının dünya elminə və mədəniyyətinə töhfələri” adlı beynəlxalq konfrans keçirilib.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin, TÜRKSOY-un və Yunus Emre İnstitutunun (Türkiyə) birgə dəstəyi və təşkilatçılığı, TİKA-nın tərəfdaşlığı ilə baş tutan konfransın məqsədi türk xalqlarının zəngin elmi və mədəni irsinin təbliği və bu irsin bəşəriyyətə təsirini nümayiş etdirmək olub.
Konfransın panel iclasından sonra TÜRKSOY-un milli musiqi alətləri orkestrinin möhtəşəm qala konserti keçirilib.
Konsertdə türk xalqlarının milli musiqisindən ibarət çıxışlar, o cümlədən azərbaycanlı ifaçıların – beynəlxalq müsabiqələr qalibi “Vətən” muğam qrupunun – xanəndə Nisbət Sədrayeva və Səfalı Mirzəliyevin, tarda Ruslan Zərbaliyev və kamançada Pərviz Fərhadovun ifaları alqışlarla qarşılanıb.
Qeyd edək ki, TÜRKSOY-un milli musiqi alətləri orkestrinin azərbaycan təmsilçiləri Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin və Milli Konservatoriyanın müəllimləridir.
Konsertin sonunda musiqiçilər TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən xüsusi diplomla təltif ediliblər.