ADMİU-nun müəllimləri Bişkekdə Azərbaycan Mədəniyyəti Günlərində iştirak edirlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Azərbaycan Mədəniyyəti Günlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşları- Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, Muğam sənəti kafedrasının müdiri, Xalq artisti, dosent Teyyub Aslanov, Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyeva, Əməkdar artistlər İnarə Babayeva, Toğrul Əsədullayev və ADMİU-nun müəllimi, tarzən Səxavət Məmmədov iştirak edirlər.

Aprelin 21-də Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub.

Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Mirbek Mambataliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, digər rəsmilər, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Qala konsertdən öncə nazirlər Adil Kərimli və Mirbek Mambataliyev çıxış edərək mədəniyyətin xalqlarımızın qardaşlığını daha da möhkəmləndirdiyini bildiriblər. Bu qəbildən mədəniyyət layihələrinin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb.

Sonra səhnə incəsənət ustalarına verilib. 

Konsert proqramında Xalq artisti, xanəndə Teyyub Aslanov, tarzən Səxavət Məmmədov, Əməkdar artist İnara Babayeva, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva, Əməkdar artist Toğrul Əsədullayev Azərbaycan və qırğız bəstəkarının əsərlərini səsləndiriblər.

Konsertin sonunda iki ölkənin nazirləri səhnəyə çıxaraq ifaçıları təbrik ediblər.