ADMİU-nun müəllimləri “Süni intellekt alətləri ilə dərsin planlaşdırılması” mövzusunda elmi-praktiki seminarda iştirak ediblər

Müasir təhsil prosesində süni intellekt texnologiyalarının tətbiqi və düşüncə-yönümlü dərs dizaynının təşviqi məqsədilə Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində “Süni intellekt alətləri ilə dərsin planlaşdırılması” mövzusunda elmi-praktiki seminar təşkil olunub.
Seminarın məruzəçisi Murad Əliyev Pekin Pedaqoji Universitetində Təhsil Texnologiyaları üzrə doktorant, MindTech AI laboratoriyasının tədqiqatçısı və Xəzər Universitetinin Təbiət Elmləri, Sənət və Texnologiya Fakültəsinin müəllimidir.
Tədbir zamanı süni intellektin dərs planlaşdırmasında rolu, müəllim və Süni intellektin qarşılıqlı əlaqəsinin pedaqoji çərçivələri, koqnitiv konfliktlərin yaradılması, konseptual və prosedural variasiya yanaşmaları, eləcə də düşüncə xəritələrinin (zəka xəritəsi, səbəb–nəticə, müqayisə və proses diaqramları və s.) təlim prosesində tətbiqi məsələləri geniş şəkildə təqdim edilib.
Məruzədə vurğulanıb ki, süni intellekt müəllimin yerinə qərar vermir, əksinə onun düşünmə, planlaşdırma və təhlil prosesini dəstəkləyən rəqəmsal tərəfdaş funksiyasını yerinə yetirir. Xüsusilə düzgün və məqsədli təlimatların (promptların) hazırlanmasının tədrisin keyfiyyətinə birbaşa təsir göstərdiyi qeyd olunub.
Seminarın praktiki hissəsində iştirakçılar süni intellektdən istifadə etməklə şagirdlərin düşünmə bacarıqlarını inkişaf etdirən tapşırıqların hazırlanması, səbəb–nəticə əlaqələrinin qurulması, mövcud dərs tapşırıqlarının daha dərin əsaslandırma və qərarvermə tələb edən formaya çevrilməsi istiqamətində praktiki məşğələlərdə iştirak ediblər.
Tədbir müəllimlərin süni intellekti hazır dərs planı mənbəyi kimi deyil, düşüncə yönümlü və sistemli dərs dizaynını dəstəkləyən innovativ vasitə kimi istifadəsinə dair praktiki bacarıqların formalaşmasına xidmət edib.
Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
“Süni intellekt alətləri ilə dərsin planlaşdırılması” mövzusunda elmi-praktiki seminarda Azərbaycan Dövlət Mədəniyyət və Incəsənt Universitetinin Muzeyşünaslıq və turizm kafedrasının müəllimləri Nəzirə Əliyeva, Könül Mustafayeva və Gülgün Bağırova da iştirak ediblər.