ADMİU-nun müəllimləri Türkmənistanda keçirilən konsertdə iştirak ediblər

Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan milli günü” keçirilib.

Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Açılışı keçirilən “Azərbaycanın milli irsinin inciləri” adlı sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim edilib.

Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı da keçirilib.

Konsert proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) pedaqoqları- Muğam sənəti kafedrasının müəllimləri Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Fərqanə Qasımova, Aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, dosent Samirə Əliyeva, Xalq çalğı alətləri kafedrasının müəllimləri- dosent, Əməkdar artist Toğrul Əsədullayev, tarzən Səxavət Məmmədov bir-birindən maraqlı ifaları ilə tamaşaçıların qəlbini fəth edib.

Konsert proqramı alqışlarla qarşılanıb.