ADMİU-nun növbəti beynəlxalq uğuru…

Bu günlərdə ADMİU-nun “Mədəniyyətin ekoloji dayanaqlığa töhfəsi” mövzusunda keçirilmiş elmi-nəzəri konfransın məqalələrindən ibarət kitab “Atlantis Press” nəşriyyatında çap olunub.

Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığına əsasən, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Mədəniyyətin ekoloji dayanaqlığa töhfəsi” mövzusunda keçirilmiş elmi-nəzəri konfransın məqalələrinin çapı üçün “Atlantis Press” nəşriyyatı ilə müqavilə imzalayıb.

Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrinə vəsaitin ayrılması” barədə əmrini əsas tutaraq, konfransın keçirilməsi üçün nəzərdə tutulan xərclər 2024-cü təqvim ili üzrə ADMİU-nun Fəaliyyət Planının 2-ci maddəsi- “Tədqiqat keyfiyyəti” istiqamətində müəyyən edilmiş büdcəsi hesabına qarşılanıb.

ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın redaktoru olduğu nəşrin seriya redaktorları ABŞ, Tayvan, İrlandiya və Ukraynadan olan peşəkar redaktorlardan ibarət heyətdən ibarətdir.

Qeyd edək ki, konfransa təqdim olunmuş 48 məqalədən kitaba ekspertdən keçmiş 21 məqalə daxil edilib. Onların arasında Türkiyə, Özbəkistan, Qazaxıstandan olan tədqiqatçıların da məqalələri var.

Dərc olunan konfrans materialları “CNKI”, “Dimensions”, “DOAJ”, “EBSCO Discovery Service”, “Google Scholar”, “Naver”, “OCLC WorldCat Discovery Service”, “ProQuest- ExLibris Primo”, “ProQuest- ExLibris Summon”, “TD Net Discovery Service”, “Wanfang Data” kimi mühüm bazalarda indekslənib.

Məlumat üçün bildirək ki, “Atlantis Press” nəşriyyatı “Springer Nature” nəşriyyat şirkətinə aiddir. “Springer Nature” fəaliyyət istiqaməti bir sıra tanınmış elmi jurnal və kitabların nəşrini özündə ehtiva edən dünyanın ən iri nəşriyyat şirkətlərindəndir.

2021-ci ildə “Springer Nature” 2006-cı ildə Parisdə əsası qoyulmuş, elmi, texniki və tibbi məzmuna və konfrans materiallarının nəşrinə diqqət yetirən “Atlantis Press” nəşriyyatını satın alıb. “Atlantis Press” müxtəlif elm sahələri üzrə 120-dən çox kitab, 1200-dən çox araşdırmadan ibarət 17 araşdırma seriyasından, 20 açıq jurnaldan ibarətdir.