ADMİU-nun nümayəndə heyəti Qazaxıstanda keçirilən X Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak edib

2-3 oktyabr 2026-cı il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Təhsildə Keyfiyyət Təminatı üzrə X Mərkəzi Asiya Beynəlxalq Forumu keçirilib. Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) 15 illik yubileyinə həsr olunmuş foruma 29 ölkədən 250-dən çox iştirakçı qatılıb. Onların arasında keyfiyyət təminatı agentliklərinin rəhbərləri, universitet rektorları, beynəlxalq təşkilatların nümayəndələri və müstəqil ekspertlər olub. Astana İT Universitetinin ev sahibliyi ilə keçirilən tədbirin mövzusu “Süni intellekt və rəqəmsal texnologiyalar dövründə keyfiyyətin yüksəldilməsi: təhsildə yeni üfüqlər” olub.

Forumu giriş sözü ilə açan IAAR-ın baş direktoru Alina Jumaqulova agentliyin 15 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Plenar sessiyada Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini T.İ.Yeşenkulov, Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) prezidenti K.Gitulika, Asiya-Sakit Okean Keyfiyyət Şəbəkəsinin (APQN) prezidenti Q.N.Motova və Ümumdünya Tibb Təhsili Federasiyasının (WFME) prezidenti R.Leon-Borxes çıxış ediblər.

Panel sessiyalarında təhsilin keyfiyyətinin artırılması, süni intellektin tədris prosesində istifadəsi, təhsil proseslərinin rəqəmsallaşdırılması, Mərkəzi Asiya ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin inkişafı və müasir çağırışlara uyğun yeni təhsil trayektoriyalarının formalaşdırılması məsələləri müzakirə olunub. Məruzə və çıxışlarda universitetlərin ənənəvi “bilik mərkəzi” modelindən kənara çıxaraq akademik təhsili şəxsi inkişaf, karyera və ömürboyu təhsil imkanları ilə birləşdirən daha geniş ekosistemə çevrilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Ali təhsil müəssisələrində süni intellektdən istifadəyə dair institusional çərçivələrin hazırlanması və rəqəmsal texnologiyaların akkreditasiya proseslərinə inteqrasiyası da forumun əsas mövzuları arasında olub.

Forum çərçivəsində əldə olunan təcrübə və yanaşmaların universitetdə keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə və beynəlxalq akkreditasiya fəaliyyətinin inkişafına töhfə verəcəyi gözlənilir.

Forumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun Tədrisdə innovasiyalar üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova və Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov təmsil ediblər.
10 ildən artıq Beynəlxalq Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin eksperti olan V. Məmmədova İAAR-ın “Ən yaxşı ekspert “adına layiq görülüb.