ADMİU-nun nümayəndəsi Polşada təlimdə iştirak edib
Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində daha bir işgüzar səfər 24-28 iyun tarixlərində Polşanın Bydgoszcz İqtisadiyyat Universitetində baş tutub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Elçin Sərdarov da təlimlərdə iştirak edib.
Səfərdə layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin inzibati və akademik heyət üzvləri iştirak ediblər. 5 günlük təlim proqramının əsas məqsədi layihənin hədəflərinə uyğun olaraq ali təhsil sistemində sahibkarlıq təşəbbüsləri və təcrübələrinə dair xarici təcrübənin öyrənilməsi olmuşdur. Belə ki, təlimlər zamanı sahibkarlığın inkişaf etdirilməsində geniş istifadə olunan müasir üsul və mexanizmlər, o cümlədən dizayn yönümlü düşüncə, Canvas biznes modelinin qurulması, sahibkarlıq təşəbbüsləri vasitəsilə sosial məşğulluq mühitinin yaradılması, şəxsi brendinqin formalaşdırılması, vizual marketinqin həyata keçirilməsi, fərdi potensialın kəşf edilməsi, sahibkarlıq təhsilində innovativ tədris metodlarının tətbiqi üzrə bilik və təcrübələr əldə edilib. Eyni zamanda təlim proqramı çərçivəsində Bydgoszcz şəhərinin sahibkarlıq subyektləri, eləcə də Bydgoszcz Sənaye və Texnologiya Parkı ilə tanışlıq həyata keçirilib. Keçirilmiş təlimlərin nəticəsi olaraq öz biznes ideyaları üzərində qrup işləri aparan universitet nümayəndələri təqdimatlarla çıxış edərək geniş təcrübə mübadiləsi aparıblar.
Proqrama uyğun olaraq təlimlərin yekununda sertifikatların təqdim edilməsi mərasimi keçirilib və iştirakçılar Bydgoszcz İqtisadiyyat Universiteti tərəfindən sertifikatlarla təltif olunublar.