ADMİU-nun professorları “Milli Teatr Mükafatı”na layiq görülüblər
Martın 11-də Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
10 Mart – Milli Teatr Gününə həsr olunan mərasimdə Azərbaycan teatrının tarixi və bu günü haqqında videoçarx nümayiş edilib.
Mərasimdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov nazir Adil Kərimlinin Milli Teatr Günü ilə bağlı təbrik məktubunu oxuyub.
Tədbirdə Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə kollektivi Milli Teatr Günü münasibətilə təbrik edib.
Sonra Əməkdar incəsənət xadimləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professorları İlham Rəhimli və Məryəm Əlizadə Azərbaycanda teatr ənənələrindən söz açıblar. Çıxış edənlər zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqların, aktyor və rejissorların böyük rol oynadığını bildiriblər.
Daha sonra “Milli Teatr Mükafatı” təqdim olunub. Mükafat Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə teatr xadimlərinə, paytaxt, bölgə teatrlarına və tamaşalara təqdim olunub.
Mükafatçılar arasında ADMİU-nun müəllimləri də var. Belə ki, “Musiqili teatr aktyoru” kafedrasının məsləhətçi-professoru, Xalq artisti İlham Namiq Kamal “Milli teatrın inkişafındakı xidmətlərinə görə” nominasiyası üzrə, “Dram teatrı və kino aktyoru” kafedrasının professoru, Xalq artisti Bəsti Cəfərova “Ən yaxşı qadın rolu” nominasiyası üzrə Akademik Milli Dram Teatrında Eduardo de Filipponun “Filumena Marturano” tamaşasındakı Filumena obrazına görə) mükafata layiq görülüblər.