ADMİU-nun professoru Adilə Yusifovanın musiqi əsərləri ABŞ-də maraqla qarşılanıb
ABŞ-nin Florida ştatının Melburn şəhərində Florida Ştatı Musiqi Müəllimləri Assosiasiyasının (“Florida State Music Teachers Assosiation – FSMTA”) “Qadın bəstəkarlar: səslər, irs və interpretasiya” mövzusunda 5-ci konfransı baş tutub.
Tədbir musiqi müəllimlərini, tələbələri və musiqisevərləri bir araya gətirərək peşəkar inkişaf və həmkarlar arasında fikir mübadiləsi üçün geniş imkanlar yaradıb. Həmçinin qadın bəstəkarların yaradıcılığı tarixi kontekst, ifaçılıq xüsusiyyətləri və pedaqoji yanaşmalar baxımından ətraflı təhlil olunub. Xüsusilə Azərbaycanlı qadın bəstəkarlar – Firəngiz Əlizadə, Əzizə Mustafazadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İnstrumental ifaçılıq kafedrasının müdiri, Əməkdar müəllim, professor Adilə Yusifova və digərlərinin əsərləri dinləyicilərin marağı ilə qarşılanıb. Boston Universitetinin doktorantura namizədi, peşəkar pianoçu və pedaqoq Leyla Zeynalovanın mühazirəsini və ustad dərsini iştirakçılar yüksək qiymətləndiriblər.

